Sosial şəbəkələrdə Bakıda küçə ticarəti ilə məşğul olan azyaşlıya polis əməkdaşının təzyiq etməsinə dair videogörüntülər yayılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-açıqlamasında bildirib ki, sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiq göstərməsi ilə bağlı yayılan görüntülər həqiqət deyil:
“Nərimanov Rayon Polis İdarəsində “Təhlükəsiz Şəhər” kamerasının vasitəsilə bu videogörüntü hərtərəfli araşdırılıb. İddia olunan hallar təsdiqini tapmayıb. Azyaşlı uşağa, hansısa vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər qeydə alınmayıb”.
Elşad Hacıyev qeyd edib ki, azyaşlı və onun valideynləri müəyyən olunub:
“Onlarla profilaktiki söhbət aparılıb. Əməlinin qanunazidd olduğu izah edilib”.
İlhamə Əbülfət