“Forum çox səmimi formatda keçirildi və bu bizim üçün çox sevindirici haldır”.
Bu sözləri Oxu.Az-a Prezident mükafatına layiq görülənlər gənclərdən biri olan Gənclər İnkişaf və Karyera Mərkəzinin Abşeron üzrə nümayəndəliyinin direktoru Coşğun Hikmət oğlu Hidayətov deyib.
O bildirib ki, bununla artıq ikinci dəfədir ki, ölkə başçısı tərəfindən mükafatlandırılır:
“Bundan öncə 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Təbii ki, bu bir qürurdur. Azərbaycan gəncliyinin missiyası müharibə ilə yekunlaşmadı. Qarabağın dirçəlməsi prosesində, informasiya cəbhəsində, elm sahəsində eləcə də digər istiqamətlərdə öz üzərimizdə çalışmalı və inkişafa doğru getməliyik. Vətənpərvərlik yalnız cəbhədə deyil. Bu anlayış çox genişdir. Mən vətənə olan sevgi ilə öz üzərimdə çalışıb vətənə layiqli gənc olmağa çalışıram. Bu gün bir daha şahidi oldum ki, hər kəs öz sahəsində fəaliyyətini mükəmməl yerinə yetirdiyi təqdirdə uğurlar bizim olacaq. Mütləq görülən işlərə layiqli qiymət verilir və veriləcəkdir”.
Könül Cəfərli