Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 27-ci müsabiqənin yazılı imtahan mərhələsində 171 hüquqşünas biliyini sınayır.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 27-ci müsabiqənin yazılı imtahan mərhələsi zamanı açılış nitqində məlumat verib.
"Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların əksəriyyəti hal-hazırda yuxarı təsnifatlı vəzifələrə irəli çəkilib. Baş Prokurorluğun müxtəlif strukturların rəhbərləri, eləcə də rayon və şəhər prokuroru kimi fəaliyyət göstərirlər. Dövlət başçısı tərəfindən onlara ali xüsusi rütbələr verilib", - deyə Heydər Məmmədov tədbirdə bildirib.
O qeyd edib ki, bu gün 50 ştat vahidi üzrə 27-ci müsahibənin ikinci turu keçirilir:
"Birinci turda müvəffəqiyyət qazanmış namizədlərdən 171-i bu gün öz biliyini sınayır. Hər bir gənc prokurorluq əməkdaşının nailiyyəti birinci növbədə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və rezultativ gənclər siyasətinin təcəssümüdür".