K-pop sadəcə musiqi deyil, bu, enerjidir, emosiyalardır və sənətçilər ilə pərəstişkarlar arasında inanılmaz əlaqədir. Son illərdə Koreya pop mədəniyyəti Asiyanın hüdudlarından kənara çıxıb və Azərbaycan da daxil olmaqla bütün dünyada dinləyiciləri valeh edir.
Oxu.Az-ın bugünkü qonağı səmimiyyəti və musiqi duyumu ilə minlərlə pərəstişkarın qəlbini fəth edən istedadlı müğənni Çoi Kisudur.
- Bu ilin mart ayında Azərbaycandakı konsertiniz ölkə tarixində ilk K-pop şousu oldu. Bu konsert sizdə hansı təəssürat yaratdı?
- Məndə olduqca xoş təəssürat yaratdı. Əvvəllər mən Azərbaycan haqqında, demək olar ki, heç nə bilmirdim, hətta bu ölkənin adını belə eşitməmişdim. Ona görə də mənə maraqlı idi və bir az da qorxurdum, düşünürdüm ki, bəlkə, bura təhlükəli bir ölkədir? (gülür) Amma hər şey tamamilə fərqli oldu. Bura möhtəşəm ölkədir. Burada insanlar mehribandırlar, yeməklər çox ləzzətlidir, pərəstişkarlar inanılmazdırlar. Mən, həqiqətən də, Azərbaycanı sevdim.
- Azərbaycanda ən çox xoşunuza gələn nədir?
- Mənim üçün bir şeyi seçmək çətindir - burada çox şey var.
- Məsələn?
- Birincisi, pərəstişkarlar, yerli sakinlər olduqca möhtəşəmdirlər. Onlar çox enerjili, səmimidirlər və həmişə də gülümsəyirlər - mən onlarla özümü çox rahat hiss edirəm.
İkincisi, yemək. Azərbaycan mətbəxi, sadəcə, möhtəşəmdir. Mənim ən sevdiyim yemək aşqaradır. Mən düyünü sevirəm. Çox maraqlıdır ki, yeməyin üzəri xırtıldayandır, içərisində isə yumşaq düyü ilə ət var. Heyrətamizdir.

- İlk səfəriniz zamanı pərəstişkarlar sizi çox isti qarşıladılar. Bu dəfə auditoriyanı nə ilə təəccübləndirdiniz?
- Birinci və ikinci dəfədə atmosfer tamamilə fərqli idi. Birinci dəfə tamaşaçılar, sadəcə, K-popla maraqlanırdılar, çoxları o zaman hələ mənim kim olduğumu bilmirdilər. İnsanlar "Hə, bu Kisudur, mən onu tanımıram, amma K-pop şousunu izləmək istəyirəm" fikri ilə gəlirdilər. Və konsert yenə də möhtəşəm alındı.
Amma indi əvvəlkindən daha yaxşıdır. İndi pərəstişkarlarım məni tanıyırlar və biz sanki dostlaşmışıq. Bizim aramızda, həqiqətən, güclü bağ var. İkinci konsert böyük uğur qazandı.

- Sizin qrup üzvünüzdən tutmuş, soloifaçılığa qədər zəngin karyeranız var. Maraqlıdır, sizin bütün diskoqrafiyanızda ürəyinizə ən yaxın olan hansı mahnıdır və niyə?
- Mən bütün mahnılarımı sevirəm, amma mənim üçün ən xüsusi olanı "Kiss U"dur (Səni öpürəm - red.). Mənim adım Kisudur: K-İ-S-U, mənim fandom (ümumi maraqları paylaşan pərəstişkarlardan ibarət submədəniyyət - red.) adım isə "KISS U"dur: K-İ-S-S-U.
Pərəstişkarlarım mənim üçün xüsusidirlər. "S" hərfi mənim üçün "special" (xüsusi - red.), "super", "shine" (parlaq - red.) sözlərini simvolizə edir. Bütün bu sözlər çox pozitivdir və mən onları öz pərəstişkarlarımla əlaqələndirirəm. Ona görə də "Kiss U" mahnısı onlar haqqındadır. Bu mahnı qəlbimdə xüsusi yer tutur.
- Yaradıcılıqla bağlı elə xəyalınız varmı ki, onu hələ gerçəkləşdirməmisiniz?
- Hazırda mən dünya üzrə çox səyahət edirəm. Buradan Mərakeşə uçacağam, daha sonra Venesuela, Braziliya, Tunis, Əlcəzair... Bu il üçün mənim 43 konsertim planlaşdırılıb.
Amma düzünü desəm, hələ də mənə kifayət etmir. (gülür) Mən kifayət qədər pul qazanmaq istəyirəm ki, bir gün bütün dünyada pulsuz konsertlər verim. Axı çoxları mənə yazırdılar ki, konsertinizə gəlmək istəyirəm, amma bilet almağa imkanım yoxdur. Bu məni duyğulandırdı.
Beləliklə, mənim arzum - gəlirindən asılı olmayaraq, hər kəsə musiqi hədiyyə etməkdir. Amma əlbəttə ki, əvvəlcə özümə yeni maşın və ev alacağam. (gülür)

- Gələcəkdə hansı sənətçilərlə işləmək istərdiniz - koreyalı, xarici və ya bəlkə, azərbaycanlı?
- Mən bu baxımdan bir az acgözəm. Hər ölkənin ən populyar sənətçiləri ilə işləmək istəyirəm. Azərbaycanda çoxlu istedadlı müğənni var və mən onlardan bəziləri ilə əməkdaşlıq etmək istərdim. Dünya ifaçılarından Castin Biberi bəyənirəm. Ümumilikdə dünya üzrə müxtəlif sənətçilərlə əməkdaşlığa açığam.
- Azərbaycandakı və bütün dünyadakı pərəstişkarlarınıza nə demək istərdiniz?
- Mən özümü ulduz hesab etmirəm. Əsl ulduzlar - mənim pərəstişkarlarımdır. Mən səhnədə olduğum zaman mənə doğru projektorlar yönləndirilir və mən parlayıram, amma əslində, bu işıq onlardan qaynaqlanır.
Hər bir pərəstişkarım, dostum və valideynim mənim üçün bir ulduzdur. Buna görə də bütün insanlara, dostlara, pərəstişkarlara və mənim "KISS U" fandomuma çox təşəkkür edirəm.
- Az məlumatı olanlar üçün K-pop haqqında daha ətraflı danışa bilərsinizmi? Niyə bu qədər populyarlaşdı? Uğurun sirri nədədir?
- Düzünü desəm, özüm də dəqiq bilmirəm. (gülümsəyir) Hələ on il əvvəl K-pop bu qədər populyar deyildi. Amma ildən-ilə Koreya musiqisi, mədəniyyəti və hətta yeməkləri bütün dünyada getdikcə daha da məşhurlaşır.
Koreyalılar çox çalışırlar - musiqidə, incəsənətdə və biznesdə. Biz hər şeyi dünənkindən daha yaxşı etməyə çalışırıq. Düşünürəm ki, insanlara bu yanaşma maraqlıdır, bu, mükəmməlliyə olan istəkdir. Bəlkə də, buna görə K-pop müxtəlif ölkələrdə bu qədər maraq doğurur.
- K-pop özündə hansı janrları birləşdirir?
- K-pop bir çox janrları birləşdirir. Bəzən bu, EDM (electronic dance music - elektron rəqs musiqisi - red.), bəzən isə R&B və ya balladadır. Amma düşünürəm ki, insanlar janrın özündən çox, onun əks etdirdiyi enerjini və coşqunu xoşlayırlar.
- Təmsil etdiyiniz janr sənayesində sənətçilər qarşısında çox yüksək tələblər qoyulur. Standartlar niyə bu qədər sərtdir?
- Koreya əhalisi çox böyük deyil, amma çox sayda sənətçi var - müğənnilər, aktyorlar, kumirlər. Rəqabət olduqca böyükdür və fərqlənmək, digərlərindən yaxşı olmaq lazımdır. Buna görə də məşqlər və hazırlıq bu qədər çox vaxt aparır - bu, bizim mədəniyyətimizin bir hissəsidir.
- K-pop sənətçiləri niyə makiyajdan bu qədər çox istifadə edirlər?
- Yaxşı sualdır. (gülür) Dəqiq cavabı bilmirəm, amma zənn edirəm ki, bu, sadəcə, Koreya mədəniyyətinin bir hissəsidir. Koreyada insanlar təmiz, baxımlı dərini sevirlər - bu, gözəl hesab olunur.
Qeyd edək ki, Kisunun konserti ölkəmizdə Koreya mədəniyyətini təbliğ edən "Korean Shop Baku" tərəfindən təşkil olunub.
Daha çox foto burada: PhotoStock.az
Rufina Abdullayeva
Video: Əqdəm Qasımov