Qaliblər hər zaman düşünür ki, bu ada layiqdir. Belə bir psixoloji termin var. Lakin bütün hallarda müəyyən bir yerə qədər layiq olma mərhələsidir, digər həlledici yerdə isə uğur amili rol oynayır.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olan prezident mükafatçısı Suad Muradov deyib.
Onun sözlərinə görə, forum iştirakçısı öz adının seçilənlər siyahısında olacağına inansa da prezident mükafatçısı ola biləcəyi ağlına gəlməyib:
“Bundan da əlavə ilk onluğa düşməkdən məmnunam. Hətta düşünürdüm ki, bu dəfə alınmasa gələn dəfə yenidən müraciət edərəm. Yüzlərlə namizədin arasından məni seçdiyinə görə, cənab prezidentə təşəkkürümü bildirirəm. Bizim “start up” şirkətimiz var və mən bunun üzərindən İnnovasiya və sahibkarlıq istiqamətindən iştirak etmişəm. Biz PUA-ların dizaynı və hazırlanması ilə məşğuluq. Bu sahə ölkədə yenidir və kadr tapmaq da çətindir.
Ümumiyyətlə özümüz də bu işin texniki tərəfini sıfırdan öyrənmişik. Komandanı idarə etmək də önəmlidir ki, bu da tam ayrı- menecment mövzusudur. Bizim universitetlərimiz yaxşı olar ki digital yeniliklərdən yararlansın, data elmlərinə üstünlük versinlər. Mühəndislik elminin inkişafına maliyyə yatırsınlar”.
Prezident mükafatçısı qeyd edib ki, Azərbaycan gəncliyi üçün rəqabət mühitinin olması yaxşıdır:
“Gənclər çox düzgün liderlik altında hər zaman irəli gedə, inkişaf edə bilərlər. Biz bunu öz komandamızda aydın görürük. Liderlik keyfiyyətləri düzgün istiqamətə yönləndirildikcə məhsuldarlıq artır. Ona görə düşünürəm ki, qazandığım mükafat tək mənim deyil, komandamızın qələbəsidir. Təəssüf ki, komandamızın üzv sayı çox olduğundan bölmək olmadı. Ona görə sırf mənim adım yazıldı, amma bu uğur komanda əməyi sayəsində ərsəyə gəlib”.
Könül Cəfərli