2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a “Dövlətqaçqınkom”-un mətbuat xidmətindən bildiriblər.
Dövlət Komitəsi təəssüflə qeyd edir ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə şifahi məlumatlar daxil olub. Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində “Dövlətqaçqınkom”-a aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hal-hazırda qeyri-rəsmi məlumata görə, Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur.
“Dövlətqaçqınkom” köçürmə prosesinin indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirildiyini qeyd edib və bütün məcburi köçkünlərə ciddi xəbərdarlıq edib:
“Hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
“Dövlətqaçqınkom” bütün məcburi köçkünlərə müraciət ünvanlayaraq xahiş edib ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər. Tel: 012-530-82-37, 012-431-31-26