2015-ci ildə Bakı şəhərində keçiriləcək Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar 27 yanvar 2014-cü il tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə işçi qrupunun ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı 2015 Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat departamentinin direktoru Panayotis Protopsaltis çıxış edərək Nəqliyyat Nazirliyinin rəhbərliyinə Nəqliyyat məsələləri üzrə işçi qrupunun təsis olunmasına görə dərin minnətdarlığını bildirərək, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı “Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar” adlı təqdimat mərasimini təqdim edib.
Təqdimatda oyunlarla bağlı tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, oyunlara müvafiq yol şəbəkəsi, ictimai nəqliyyat resursları və s. barədə geniş məlumat verilib. Daha sonra təqdimatla bağlı müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilərək, işçi qrupun iclasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub.