Böyük Birtaniyada kişilərin ictimai nəqliyyatda ayaqlarını çox aralı qoyub getmələri barədə ictimai müzakirələr başlayıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, problemin miqyası o qədər böyükdür ki, onun müzakirələrində keçmiş daxili işlər naziri Ceki Smit də iştirak edib.
Cəmiyyətin qəzəbləndiyi şəxs isə şotland aktyor Riçard Medden olub.
Geniş müzakirə üçün Thumblr servisində Men Taking Up Too Much Space On The bloqunda “Taxt-tac oyunları” serialının ulduzu Meddenin London metrosu ilə gedərkən ayaqlarını aralı qoyub əyləşməsinin fotoşəkili bəhanə olub.
The Daily Mail bu barədə yazı dərc edib və bundan sonra müzakirəyə digər mətbu orqanlar da qoşulublar, o cümlədən də The Observer.
Ən radikal şərhçilər Meddeni axtalamağı da təklif ediblər.
Lakin The Observer belə yanaşmanı “bir qədər ekstremal” hesab edir.
Bunun əvəzinə The Observer-də işıq üzü görmüş məqalənin müəllifi kişilərin müdafiəçilərinin irəli sürdükləri ən geniş yayılmış arqumentləri təhlil edir. Kişiləri müdafiə edənlər deyirlər ki, onları belə oturmağa bədənlərinin fizioloji quruluşu məcbur edir. Keçmiş daxili işlər naziri Sky News üçün verdiyi şərhdə Meddeni məhz bu fikir əsasında təmizə çıxartmağa çalışır.
Lakin jurnalist kişinin bədən quruluşu, “spermanın qızması təhlükəsi” və bu qəbildən olan başqa fikirləri tənqidə layiq hesab edir. Bəzi kişilərin nəqliyyatda tamamilə normal oturduğunu nəzərə aldıqda, bu cür fikirlərdən yalnız “cəfəngiyyat qoxusu gəlir”, özü qadın olan məqalə müəllifi qeyd edir.
“Burada iş bədən quruluşunda deyil – jurnalist yazır. – Nəsə görünmür ki, sinəsi iri olan qadınlar onları oturacaqlara yaxud da ətrafdakıların çiyinlərinə söykəsinlər və desinlər ki, “bağışlayın, mənim döşlərimə gücüm çatmır, sizi bir qədər sıxışdırmalı olacağam”.
Özümüzdən əlavə edək ki, oxşar vəziyyət bizdə - Azərbaycanda da müşahidə olunur. Bakı metropolitenində ayaqlarını geniş açıb əyləşmiş kişilərlə daha tez-tez rastlaşmaq olar. Belə rəftar azərbaycanlı qadınların da narazılığına səbəb olur. Lakin hələ ki, bu mövzu ölkəmizdə Böyük Britaniyada olduğu qədər geniş müzakirə olunmayıb.