Ermənistan, Azərbaycan və Gürcüstanda yaşayan qadınlar üçün axşamı evdən kənarda keçirmək yalnız dostlar ilə əylənmək üçün şans deyil. Çoxları üçün bu, həm də hal-hazırda malik olduqları sosial azadlığı vurğulamaq imkanıdır.

Sovet İttifaqının süqutundan sonra Qafqazda yaşayan insanların həyatında çox şey dəyişdi. Baxmayaraq ki, indi onlar daha geniş azadlıq üfüqünə malikdirlər, cinslərin bərabərliyinə gəldikdə yenə də əvvəlki ayrıseçkilik mövcuddur.
Zaqafqaziyanın əksər sakinləri, seçkilərdə iştirak etməyə yetərli yaşları olsa da, gec qaldıqları zaman ətrafdakıların qınağını hiss edirlər.
Qərbin təsiri getdikcə artır. Konsert meydançaları, bar və gecə klublarının sayı getdikcə artır. Regionda işləyən qadınların sayının artması, onların ixtiyarında daha çox maliyyə vəsaitinin olması və bu vəsaiti nəyəsə xərcləmək istəmələri deməkdir.
Bununla yanaşı yaranan bu imkanlardan istifadə etməyin “tərbiyəli qız” titulunun itirilməsi və qohum-qonşu tərəfindən qınaq mərkəzinə çevrilmək deməkdir. Amma bu onlara heç də, öz gecə həyatlarının əks olunduğu şəkilləri sosial şəbəkələrdə paylaşmalarına mane olmur.
Amma vaxtını necə şən keçirdiyini bütün dünyaya bildirmək istəyənlər də var.
Adrine Qreqoryan, 36 yaş, sənədli filmlər üzrə mütəxəssis, İrəvan, Ermənistan

“Mən gecə həyatı sürürəm. Hamı yatmağa hazırlaşanda, İrəvan fərqli bir kütlənin təsiri altına düşür və burada gecə həyatı başlayır. Mən indiyə qədər heç bir qınaqla üzləşməmişəm. Mən özümü icma üzvü kimi hiss edirəm.
İllər keçdikcə daha çox qadının bu həyata qarışdığını görürəm. Düşünürəm ki, bunun səbəbi gənc qadınların iqtisadi azadlığıdır, eləcə də qızların artıq əksər hallarda ətrafdakıların fikrinə məhəl qoymadan qərar qəbul etmələrindədir.
Bundan başqa arxaik düşüncələrə fikir verməyən, ətrafdakıların gözündə “tərbiyəli qız” kimi görünməyə çalışmayan gənc qadınların meydana çıxmasıdır.
Qonşuların fikirlərinə önəm verən qadınlar isə şəxsi həyatlarını gizli saxlamağa çalışırlar”.
Astxik Papikyan, 24 yaş, ekoloq, İrəvan, Ermənistan

“Mən inandığım insanlarla gecə klubuna gedə bilərəm. Amma məni düzgün anlamayan adamların olacağından çəkinirəm.
Elə insanlar var ki, əgər əyləncənin vaxtı uzanırsa, harda olmandan asılı olmayaraq bunun pis olduğunu düşünür. Ciddi həyat tərzini seçən qızlar ictimai fikir barədə düşünməlidir”.
İnsanlar düşünürlər ki, qız hava qaralmamış evə gəlməlidir.
Amma zaman keçdikcə bu stereotiplər yox olur – axşam saat 11-ə qədər gəzmək mümkündür.
İrəvan gecə vaxtı

Mən evə təxminən 22.30-da gəlməyə çalışıram. Əgər gecikirəmsə, bu, mənim valideynlərimə xoş gəlmir, bilirəm ki, qonşular da deyinir. Bütün bunlar mənim reputasiyama və gələcək həyatıma təsir edə bilər. Bilirəm ki, pis heç bir şey etmirəm, amma mən şəraitə uyğun davranmalıyam.
Bəzən dostlarımla karaoke-bara gedirəm. Ermənistanda disko-klub çoxdur, amma demək olmaz ki, cəmiyyət onları asanlıqla qəbul edir. İnsanlar hesab edir ki, “normal qız” belə yerlərə gedə bilməz.
İrəvandan kənarda vəziyyət daha pisdir. Məsələn, ərazisinə görə ikinci şəhər olan Gümridə heç bir gecə əyləncə məkanı yoxdur, çünki ora heç kim getmir. Amma karoke ilə vəziyyət fərqlidir: sən oxuya, rəqs edə, əylənə bilərsən və heç kim sənin haqqında pis fikirləşməyəcək”.
Xəyalə Xəlili, 26 yaş, həkim, Gəncə, Azərbaycan
“Düşünmürəm ki, qadınlar və yaxud da kişilər gecə həyatı yaşamalıdırlar. Bu, istirahətin heç də sağlam forması deyil və gecə saatlarında yuxu vacibdir. Bundan başqa gecə klublarında bir qayda olaraq spirtli içkilər qəbul edirlər. Məncə, spirtli içki içənlər öz gələcəklərini fikirləşmirlər.
Mənim üçün qadın azadlığı gecə klublarını gəzmək demək deyil. Qadın təhsilini düşünməli, iqtisadi azadlığa nail olmağı, özünə inanmalı və düşündüyünü açıq söyləmək imkanına malik olmalıdır.
Bakı gecə vaxtı

Mən heç vaxt gecə saatlarında gəzməmişəm. Mənim yaxın qohumlarımdan heç kim gecə klublarına getmir. Ailədə mənə heç vaxt sərhəd qoymayıblar, mənə sadəcə gecə klubları maraqlı deyil. Əgər istəsəydim gedərdim.
Azərbaycanda Bakının sərhədlərindən kənarda demək olar ki, gecə məkanları yoxdur, belə ki, onlara tələb yoxdur.
Mən işdən sonra dostlarımla görüşürəm, idmanla məşğul oluram və ya qohumlarıma qonaq gedirəm. Əgər dostlarımla harasa çıxmağı düşünürüksə, ilk olaraq kafeyə gedib yemək yeyirik, sonra isə şəhərdə gəzintiyə çıxırıq.
Məzuniyyətə çıxanda xaricə - Rusiya, Türkiyə və ya İrana gedirəm. İstirahət zamanı da klublara getmirəm. Mənə digər ölkələrin tarixi və mədəniyyəti maraqlı gəlir, ona görə də səfər zamanı muzey və kitabxanalara gedirəm”.
Gülarə Əzimzadə, 27 yaş, reklamçı, Bakı, Azərbaycan

“Mən gecə əyləncələrinə, eləcə də gecə keçirilən konsertlərə və gecə klublarına gedirəm. Məncə qadının evdən çıxmağa, şənlənməyə, həftə boyu yığılan stressdən canını qurtarmağa və yeni dostlarla tanış olmağa imkanı olmalıdır.
Hər kəs populyar musiqi konsertlərinə getməlidir, ən azı ildə beş dəfə. Gəlin, təsəvvür edək ki, qadın evdə oturub, kişi isə kafeləri, klubları gəzir.
Deməli belə alınır ki, yalnız kişinin əylənməyə ixtiyarı var? Əgər belədirsə gəlin, ölkəmizi “Azərbaycan Kişilər Respublikası” adlandıraq.
Qadının evdə oturmasını düşünənlər, öz qohumlarının təsirinə məruz qalanlardır. Amma bəzi qadınlar pul çatışmazlığından gəzməyə gedə bilmirlər və yaxud da tərbiyəli qız olmaq istəyirlər ki, sonra ərə gedə bilsinlər. Mənim də qohumlarım əvvəl belə düşünürdülər, amma mən onların fikrini dəyişdirdim.
Əgər sizin həyatda arzu və istəkləriniz, zövqünüz varsa, bu çərçivələrə qarşı durmağa çalışın”.
Nutsi Odişariya, 37 yaş, menecer, Tbilisi, Gürcüstan

“Mən cümə günü işdən sonra, həmçinin şənbə günləri ailə üzvləri və dostlarımla görüşürəm. Əvvəlcə biz restoranlara gedir, sonra isə klublara baş çəkirik. Hər həftə gəzmək alınmır, lakin istirahət günlərini əsasən belə keçiririk.
Mənim balaca qızım var, buna görə də, mən gəzintiyə gedərkən, o, nənəsi ilə qalır, mənim isə özümə ayırmağa vaxtım yaranır.
Heç vaxt nə yaşlılardan, nə də dindar şəxslərdən heç bir tənə eşitməmişəm. Amma düzü, həmişə belə olmayıb. 1990-cı illərdə heç bir gecə klubu yox idi, müharibə və yoxsulluq var idi.
Lakin 90-ın sonunda diskoteka və bağlı gecələrin keçirildiyi caz-klubları peyda oldu. Ümumilikdə, Gürcüstan xalqı yeyib-içməyi, rəqs etmək və əylənməyi çox xoşlayır”.
Natya Topçidze, 29 yaş, PR-menecer, Batumi, Gürcüstan

“Boş vaxtımı dostlarımla keçirirəm. Evdə oturmağı xoşlamıram. Və biz kinoya gedir, yaxud maraqlı bir tədbirin keçirildiyi yeri ziyarət edirik.

Valideynlərimin məndən istədikləri yeganə şey gecəyarıyadək evə gəlməyimdir. Onlar həm də mənim kiminlə və hara getdiyimlə maraqlanırlar. Düşünürəm ki, bu, kənardan təsirin nəticəsidir, çünki mən boşanmışam və uşağım var. Doğmalarımla heç bir münaqişə istəmirəm, çünki birlikdə yaşamağa məcburuq. Lakin düşünürəm ki, hər birimiz gəzməli və bundan zövq almalıyıq.