Bakının Hövsan qəsəbəsində marşrut avtobuslarının fəaliyyəti ilə bağlı sərnişinlər narazılıqlarını bildiriblər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Qeyd olunub ki, xüsusilə 210 və 215 nömrəli xətt avtobuslarında vəziyyət ciddi narahatlıq doğurur. 215 nömrəli marşrutda köhnə və istifadəyə yararsız vəziyyətdə olan avtobuslar xəttə buraxılır.
Şikayətə əsasən, saat 17:00-dan sonra avtobus dayanacağa daxil olan kimi sürücü mühərriki söndürərək təxminən 20 dəqiqə gözləyir. Bu müddət ərzində dayanacaqda sərnişinlərin sayı artır və avtobusda həddindən artıq sıxlıq yaranır.
"Hamı sıxlıqla içəri doluşandan sonra sürücü nəhayət yola düşür. Daha sonra bütün dayanacaqlarda saxlayaraq sərnişin götürür. Nəticədə avtobusa minə bilməyən insanlar dayanacaqda qalırlar. Avtobusların pəncərələrində "Pilləkəndə dayanmaq qadağandır" yazısı olsa da, sıxlıq səbəbindən avtobusun qapıları çətinliklə bağlanır, adamlar qapının ağzındakı pilləkənlərdə belə ayaqüstə qalmağa məcbur olurlar", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.