"Mənə demişdi ki, şəhid olsam, ağlama, peşman olma. Sizə, Vətənə, torpağa, bayrağa görə şəhid olacağam. Bir də tapşırmışdı ki, qardaşlarının övladı olanda birinə onun adını qoyaq".
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a "Şəhiddən qalan son foto" rubrikasında danışan şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva deyib.
Simuzər xanım indi həmin şəkillərə həm qürurla, həm də oğlunun səsini bir daha eşidə bilməyəcəyini bilən bir ananın həsrəti ilə baxır.
Üç oğlunu təkbaşına böyüdən Simuzər xanım Cəmilin uşaqlığından danışanda əvvəlcə onun dərsləri necə oxumasını xatırlayıb:
"Üç oğlum var. Cəmil onların içində dərs oxumağa ən az həvəs göstərən idi. Amma ən ağıllı, ən düşüncəli balam da o idi. Uşaqlığından Qarabağdan danışardı. "Torpaqlarımızı geri alacağam" deyirdi".
Cəmil hərbi xidmətini başa vurandan sonra da ordudan ayrılmaq istəməyib. Evə qayıdıb qərarını anasına bildirib:
"Gəldi, dedi ki, anacan, mən hərbdə qalıb çalışacağam. Böyük qardaşı leytenant, Cəmil isə gizir kimi xidmətə başladılar. 2016-cı ildə Lələtəpə ərazisində xidmət edəndə sevincinin həddi-hüdudu yox idi. Hamıya deyirdi ki, qalan torpaqları da mən azad edəcəyəm.

Vətən müharibəsi başlayanda Simuzər xanımın hər üç oğlu hərbi xidmətdə olub. İkisi ön, kiçik oğlu isə arxa cəbhədə xidmət ediblər.
Ana o günləri böyük narahatlıqla, həm də övladları ilə qürur duyaraq xatırlayır:
"Balalarımın üçünü də Allaha tapşırmışdım. Hansından xəbər gələcəyini, hansı zəngdə nə eşidəcəyimi bilmirdim".
Simuzər xanımın sözlərinə görə, Cəmil sonuncu dəfə evə gələndə dayısı ilə söhbətində Qubadlının azad olunmasından danışıb:
"Qardaşım ondan soruşdu ki, deyirlər, vəziyyət gərgindir, nə məsələdir? Cəmil dedi ki, dayı, 20-25 günə Qubadlı azad olacaq, torpaqlarımızı özümüz azad edəcəyik.
Doğurdan da Qubadlı müharibənin 28-ci günündə azad oldu, Cəmil öz sözünü tutdu".
Oktyabrın 5-də Cəmil anasına zəng edərək Kürdəmirdən Bakıya getməsini istəyib. Simuzər xanım əvvəlcə yağışa görə yola çıxmaq istəməyib. Oğlu isə təkid edib:
"Dedim, bala, elə yağış yağır ki, tut ucundan göyə çıx. Gedə bilmərəm. Çox təkid etdi, axırda getdim. Bacımgildə olanda zəng vurdu. Məni orada görəndə sevindi. Görüntülü danışanda şəkillərini skren edirdim. Bunu hiss etdi və gülümsəyərək dedi: "Hə, hə, şəklimi çək, məndən xatirə qalar, döyüşə çıxıram, mənə namaz qıl. İnşallah, döyüş bitsin, Şuşada görüşəcəyik".
Zöhr namazının vaxtı idi. Balalarım üçün iki rükət də namaz qıldım".

Bu, ana ilə oğulun son danışığı olub.
Simuzər xanım bildirib ki, axşama yaxın böyük oğlu ona zəng edərək Kürdəmirə qayıtmasını istəyib. Saat 20:39-da isə növbəti zəng gəlib. Telefondakı şəxs Cəmilin yaralandığını və Kürdəmirə gətirildiyini deyib:
"O an ürəyimə damdı ki, balamı itirmişəm. Düşündüm ki, yaralı olsaydı, onu Kürdəmirə gətirməzdilər. Yolda necə getdiyimi indi də xatırlamıram. Çatanda gördüm ki, balamın nəşini qardaşı gətirib".
Simuzər xanım oğlunu son dəfə gördüyü anı belə təsvir edir:
"Morqa girdim, qaranlıq idi. Balamın üzünü açanda mənə elə gəldi ki, ora sanki Günəş doğdu. Bunu sözlə anlatmaq çətindir. Amma mən həmin an belə hiss etdim".
Ana Cəmilin ölümündən sonra böyük oğlunun sağ qalmasını taleyin ağır günündə ona verilən bir təsəlli sayır. Onun sözlərinə görə, böyük oğlu qardaşının nəşini aparmaq üçün çağırıldığına görə öz şəxsi heyəti ilə növbəti döyüşə qatılmayıb:
"Bəzən düşünürəm ki, Cəmil qardaşını da qorudu. Bəlkə o gün mən iki balamı birdən itirəcəkdim. Bunu dəqiq bilmək olmaz. Amma ana ürəyim belə düşünür".

Bu gün ailədə Cəmilin adını daşıyan bir uşaq böyüyür. Simuzər xanım nəvəsinin baxışlarında və hərəkətlərində oğlunu gördüyünü söyləyir:
"Balaca Cəmil əmisinə çox bənzəyir. Baxışı, duruşu, hərəkətləri... Hər dəfə ona baxanda Cəmili xatırlayıram".
Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmirdə anadan olub. Azərbaycan Ordusunun giziri kimi Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 5-də şəhid olub.
Simuzər xanım oğlunun son fotosuna baxanda həmin gün eşitdiyi sözləri xatırlayır: "Məndən xatirə qalar".
Fotoda Cəmilin təbəssümü, ananın yaddaşında isə o gülüşlə birlikdə səsi, son duası və Şuşada görüşmək ümidi qalıb.

Cəmilin şəhid olmamışdan əvvəlki son mesajlaşması

"Mən şəhid olanda bu şəkli paylaşın" - deyib komandirinə göndərdiyi fotosu