Mayın 28-nə keçən gecə saat 02:55 radələrində cəbhənin Füzuli rayonu ərazisində erməni hərbiçisi məhv edilib.
Oxu.Az xəbər verir ki, Ermanistan mətbuatının yaydığı məlumata görə, ölən baş əsgər (yefreytor) Erik Qasparyandır.
Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub.
Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.