Qəfil halı pisləşən Əməkdar artist, teatr və kino aktyoru, rejissor Sərvər Əliyevin açıq ürək əməliyyat olunacağı dəqiqləşib.
Bu barədə Oxu.Az-a sənətçinin özü məlumat verib.
Əməkdar artist bu həftə əməliyyat olunacağını güman edir:
“Ötən gün koronar angioqrafiya ilə ürəyimi yoxladılar. Qərara gəlindi ki, açıq ürək əməliyyat olunmalıyam. Hazırda professorun qəbulundayam. Vaxtı təyin edəcəyik. Əsas əməliyyat olunacağım dəqiqləşdi. Bir vaxtı təyin etmək qalıb. Çox güman ki, bu həftə əməliyyat olunacağam”.
S.Əliyev iki gün xəstəxanada olduğunu qeyd edib:
“İki gündür ki, xəstəxanadayam. Son iki gündə yanma hissi oldu. Həkimə müraciət etdim. Dedilər ki, müalicəlik deyil. Əməliyyat olunmalıyam. Lakin onu da dəqiqləşdirmək lazım idi. Sadəcə, sinəmi açıb, yenidən tikəcəklər. Ümid edirəm ki, yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm”.
Xatırladaq ki, bir neçə gün öncə Əməkdar artist Sərvər Əliyev özünü pis hiss edib. Xəstəxanaya müraciət edib.
Nəzrin Vahid
Rəylər