44 günlük Vətən müharibəsində üzündən gülüşləri bir anda itən körpələr... Onların hər biri xalqımıza zəfər yaşadan igidlərin – şəhidlərimizin və qazilərimizin övladlarıdırlar.
Bir neçə saatlıq da olsa gül çöhrələrinə gülüş gətirən isə ötən gün Bakı Dövlət Sirkinin təşəbbüsü ilə şəhid və qazi övladları üçün təşkil edilən sirk proqramı idi. Uşaqlar zala daxil olarkən gözləri rəngarəng işıqlarda, kloun və akrobatlarda idi.
Oxu.Az ötən gün 14 oktyabrdan başlayaraq 27 noyabr tarixinə kimi davam edəcək proqramın xüsusi açılış günündən hazırladığı reportajı təqdim edir:
“Sıra 4 yer 7 hansı tərəfdədir?”
Bilməsəm də kömək etməyə çalışdım, “bax balaca, buradır, əyləş”. Tək gələcəyinə inanmadığım üçün yanında gözlədim, çox keçmir yanına bir xanım gəlir, şəhid xanımı...
Onlara xoş istirahətlər deyib aşağı düşürəm...
Hələ başlamadan, zaldakı işıqlara, səs effektlərinə sevinənlər, təəccüblə baxanlar var. Sanki bir başqa aləmə addım atan balacaları sirk proqramı bir neçə saatlıq da olsa gerçək dünyadan uzaqlaşdıra, əyləndirə bildi.
Tribunada işıqlar sönsə də, bu balacaların simasını qaranlıqda belə aydın görmək mümkün idi. Bu gün bu oturacaqlarda əyləşən balacalar sirkin ən dəyərli, ən əziz qonaqlarıdır desək, yanılmarıq. Elə bu dəyərli qonaqlardan ilk rastlaşdığımız isə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman oldu. Ləman proqramın başlamasını səbirsizliklə gözləyirdi.
Proqram çərçivəsində şəhidlərimizin övladları səhnəciklərdə yer aldılar, şən kloun ilə meydanı bölüşdülər.
Bəlkə də hər kəsin təəccüblə gözlədiyi nömrələrdən biri pəhləvanın dişləri ilə maşını çəkməsi ola bilərdi... Lakin zalda əyləşən bu körpələr qəhrəman övladları olduğu üçün bu, onları bir o qədər də heyrətləndirə bilmədi.
Amma klounun, pişiklərin maraqlı səhnəcikləri onların üzündə bir neçə dəqiqəlik də olsa gülüş yarada bildi.
Seanslar boyu müxtəlif duyğular bir-birini əvəzləyirdi... Uşaqlar gah ağlayır, gah gülürdülər. Proqram fasiləsindən sonra nümayiş ediləcək nömrənin uşaqlara bu qədər duyğusal təsir bağışlayacağını isə heç düşünməzdim...
Sirk proqramının sonuncu və eksklüziv nömrəsi ilk dəfə onlara nümayiş etdirildi. Bu, Qarabağ atları üzərində rəqqasların göstərdiyi maraqlı səhnələr idi...
Qarabağ atları uşaqların hər biri üçün qürurlu səslənirdi. Lakin bəziləri bunu göz yaşları içərisində, həm də gülüşlə qarşıladı. Adın daşıdığı mənəvi yük öz yerində, bəlkə də onların kövrək qəlblərindən bu atların belində öz qəhrəmanları canlandı, kim bilir...
Vətənimin qəhrəman igidlərinin mərd balaları... Hər zaman qəlbinizdə fərəh, çöhrənizdə gülüş olsun. Həyatın bütün gözəllikləri sizin olsun...
Daha çox foto burada: Photostock.az
Könül Cəfərli
Rəylər