“Qobu Park” yaşayış kompleksinin ərazisində suyun verilişində məhdudiyyətin olması məsələsinə “Azərsu” ASC aydınlıq gətirib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, “Qobu Park” üç yaşayış kompleksindən ibarət yaşayış massividir və baş vermiş qəza ilə əlaqədar bu gün yalnız “Qobu Park-3” kompleksində suyun verilişi məhdudlaşdırılıb.
“Qobu Park” yaşayış massivinə həm Kür-Bakı, həm də Oğuz-Qəbələ-Bakı kəmərindən su verilir. Qəza briqadası hadisə yerində işləyir və 1-2 saata suyun verilişi bərpa olunacaq”, - deyə qurumdan məlumat verilib.
16:06
Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-2” yaşayış massivində üç gündür su yoxdur.
Bununla bağlı sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ediblər.
Onlar bildirirlər ki, gün ərzində yaşayış massivinə 1-2 saat su verilir:
“Həmin saatların da hansı aralıqda olduğunu bilmirik, xəbərimiz olmayanda elə 24 saat susuz qalırıq. Bəzən gecə saatlarında gəlir, kəsilir, su götürə bilmirik. Yayın günü suya tələbatın artdığı vaxtda susuzluqdan üç gündür əziyyət çəkirik. Eyni problem bir müddət əvvəl də yaşanmışdı. 19-cu binanın qarşısından keçən su borusu partlamışdı. Gəlib boruların deşiklərini çüylə tutaraq getmişdilər. İndi yenə eyni yerdən boru deşilib”.
Sakinlərə “Qaçqınkom” və MTK əməkdaşları məsuliyyəti “Azərsu” ASC-nin daşıdığını deyirlər:
“Hazırda “Azərsu”yun qəza xidmətini də əraziyə çağırmışıq, imtina ediblər. Gəlmirlər”.