Abşeron rayonu, Qobu qəsəbəsi, Rəşid Behbudov küçəsində suyun birbaşa yolun üzərinə axıdılması ilə bağlı şikayətə cavab verilib.
Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət başçısının imzaladığı "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.
Məlumatda qeyd olunub ki, sözügedən ərazidə də mərkəzləşdirilmiş tullantı su şəbəkəsi qurulacaq:
"Hazırda vətəndaşlar primitiv şəkildə çəkdikləri xətlərdən istifadə edirlər. Bu kimi halların qarşısının alınması üçün mərhələli şəkildə layihələr icra olunur.
Ərazidə istismar qaydalarına uyğun olmayan şəkildə axıdılan tullantı suyunun qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti tərəfindən işlərə başlanılıb. Bu işlər Qobu və Hökməli yolunun yenidən qurulması çərçivəsində görülür".
Məhərrəm Əliyev
Abşeron rayonu, Qobu qəsəbəsi, Rəşid Behbudov küçəsində suyun birbaşa yolun üzərinə axıdılması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Sakinlər bildiriblər ki, iri boru üçün xəndək qazılıb, su boru vasitəsilə yolun üzərinə yönləndirilir. Nəticədə küçədə su yığılır, ərazi palçıqlı vəziyyətə düşür və nəqliyyatın hərəkəti çətinləşir.
Qeyd edək ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev