Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qubada kanat xətti qırıldı: Ölən və yaralanan var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir:
“Kütləvi informasiya vasitələrində Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının “SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb”.
Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
14:12
Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı ölən və yaralananlar olub.
APA agentliyinin xəbərinə görə, kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini Oxu.Az-a təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:
“Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, - deyə, bildirən hotel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib.
Rəylər