Mart-aprel aylarında yağan leysan yağışları Quba rayonunda bir sıra fəsadlara səbəb olub. Təbii hadisə nəticəsində Əspərəsti kəndinə gedən yol yararsız vəziyyətə düşüb. Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb və sakinlər ciddi çətinliklərlə üzləşiblər.
Sakinlərdən biri mövcud vəziyyəti belə şərh edib:
"Mart ayından bəri sel və daşqın baş verib. Burada 70 ev, təxminən 700 nəfər əhali yaşayır. Xəstəmiz var, amma bu yolla təcili tibbi yardım maşını gələ bilmir. İnsanlar çətin vəziyyətdə qalıb".
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin Zərqova İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərman Tahirov açıqlama verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı rayon icra hakimiyyətinə və rayon fövqəladə hallar komissiyasına müraciət olunub.
"Rayon fövqəladə hallar komissiyası və rayon icra hakimiyyətinin operativ müdaxiləsi nəticəsində əraziyə mütəxəssislərdən ibarət monitorinq qrupu göndərilib. Qrup əraziyə baxış keçirib, ilkin layihələndirmə və qiymətləndirmə işləri aparıb. Hazırda körpünün bərpası istiqamətində zəruri addımlar atılır", - deyə Fərman Tahirov bildirib.