"Sürətlə dəyişən müasir dünyamızda elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir".
Oxu.Az xəbər verir ki, bunu "Müasir din təhsili modeli: Mənəvi dəyərlər qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, indi çox konkret və olduqca vacib bir suala cavab axtarılır: "Mənəvi irsə, ənənələrə, dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu sualın cavabı bizə həm də mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində müasir dini təhsil modelləri barədə aydın təsəvvür əldə etməyə imkan yarada bilər.
Bu təsəvvürləri dəqiqləşdirmək üçün başqa bir suala da cavab axtarmaq zərurəti meydana çıxır: Müasir dünyanın hansı dini təhsil modelinə ehtiyacı var? Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edə bilsin. İctimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir".
Ramin Məmmədov vurğulayıb ki, rəqəmsal texnologiyalar əsrində şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atılır:
"Çox aydın bir həqiqətdir ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək, kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında "qızıl orta" xəttin üzərində qurulmuş yeni bir model lazımdır. Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür".
Onun sözlərinə görə, bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var:
"İslam dünyası mənəvi dərinliyi, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir.
Müasir dünyada artıq din təhsili sadəcə dini biliklərin aşılanması və dini maarifləndirmənin genişləndirilməsi vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün ən effektiv platformalardan birinə çevrilib. Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, səmərəli təcrübəni öyrənərək universal bir variant tapa bilərik. Bu elə bir model olmalıdır ki, heç bir xalqın, cəmiyyətin ənənəvi dəyərlərinə, tarixi keçmişinə, eyni zamanda dünyagörüşünə zidd olmasın. Eyni zamanda müasir çağırışları ehtiva edə bilsin. Bəlkə ümumiyyətlə bu axtarışlara ehtiyac yoxdur - hər xalqın öz modelini qoruması daha məntiqlidir? Bugünkü simpoziumun cavab axtardığı əsas suallardan biri də məhz bu olacaq.
İnanıram ki, bu simpozium hamımızı düşündürən məsələlərin müzakirəsi üçün çox faydalı bir platforma kimi yeni təhsil yanaşmalarının formalaşmasına təkan verəcək".
Aygün Mirakif