"Uzunmüddətli münaqişədən çıxmış Azərbaycan sülhün əsl dəyərini, eyni zamanda mədəni və mənəvi irsin itirilməsinin nə qədər ağır olduğunu öz təcrübəsindən bilir".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Mədəniyyətlərarası Dialoq Forumu Çərçivəsində keçirilən "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" plenar sessiyada deyib.
O bildirib ki, dini məkanların və ibadət yerlərinin dağıdılmasının bir xalqın müqəddəs kimliyinə və tarixi yaddaşına vurduğu zərərin nə demək olduğunu çox yaxşı başa düşülür:
"Tarixi ədalətin təntənəsi və mədəni irsin qorunması öhdəliyimizə uyğun olaraq, dini irsin bərpası və mühafizəsi münaqişədən sonrakı siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Dəyərlərimizin praktiki təzahürü kimi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanarkən dini abidələrin bərpasına ilk mərhələdən xüsusi diqqət yetirilib. Azərbaycan bu torpaqlarda yerləşən bütün dini abidələri, onların hansı dinə və ya məzhəbə aid olmasından asılı olmayaraq, səylə bərpa edir".
R.Məmmədov əlavə edib ki, dünyada dinlərarası münasibətlərin inkişaf dinamikasına nəzər saldıqda, müasir siyasi sosiologiya və dinşünaslıq sahəsindəki araşdırmalar mühüm bir həqiqəti ortaya qoyur:
"Dözümlülük uzunmüddətli sabitliyə təminat vermək üçün təkbaşına kifayət deyil. Bunun üçün dinamik institusional mexanizmlər də mövcud olmalıdır.
Multikultural birgəyaşayış yalnız qeyri-formal sosial münasibətlərin öhdəsinə buraxıldıqda, xarici geosiyasi təzyiqlər və kimlik üzərindən aparılan qütbləşmə qarşısında həssas vəziyyətə düşür.
Azərbaycan bu yanaşmanın konkret və inandırıcı nümunəsidir. Ölkəmiz dinc və sabit birgəyaşayışın, eləcə də dinlərarası harmoniyanın yalnız passiv dözümlülük və tarixi yaddaş üzərində qurula bilməyəcəyini nəzərə alaraq, multikulturalizmi və dini tolerantlığı strateji dövlət siyasəti və institusional fəaliyyət səviyyəsinə yüksəldib".