2016-2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Oxu.Az-a verilən məlumata görə, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır.
Komissiyadan onu da bildiriblər ki, bununla yanaşı tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənləri daxil edilməsi də nəzərdə tutulur.
Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil almış şəxslər rezidenturanı bitirdikdənsonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər. Bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında nazirlikdə təsdiq olunmuş “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanılır.
E.Ə.
www.oxu.az