Rusiyanı tərk edən və qondarma “Dağlıq Qarabağ Respublikası”nda məskunlaşan German Sterliqov “DQR”da qızıl və gümüş dramların dövriyyəyə buraxılmasını, eləcə də bu ölkəni iqtisadi ofşor elan etməyi təklif edib, Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
“Qarabağın bu layihəni reallaşdırması üçün üç lazımi ünsür var. Birincisi qızılın olması. İkincisi, Qarabağ tanınmış respublika deyil və buna görə də onu heç bir beynəlxalq bankirlərin və ABŞ-ın Federal ehtiyatlar sisteminin məhdudiyyətləri sıxmayacaq”, - Sterliqov deyib.
Bundan başqa, onun sözlərinə görə, bu layihənin realizəsinə “qızıl və gümüş dramını daxili hesab vahidi kimi istifadə edə biləcək” erməni diasporasının mövcudluğu yardım edəcək.
“Qarabağ üçün ən tez gəliri yer kürəsində sayı 6 milyon olan və onlardan 600 mini bununla peşəkar məşğul olan numizmatlar verəcək. Beləliklə də yalnız peşəkarlardan irəli gəlsək, Dağlıq Qarabağ prezidentinin sikkələrin buraxılmasına dair sərəncamından 6 ay sonra, Qarabağa 24 milyondan 75 milyona qədər məbləğdə qızıl və gümüş sikkələrin satışına zəmanət verilir”, - Sterliqov bəyan edib.
O həmçinin Dağlıq Qarabağda dünyada ilk iqtisadi ofşoru yaratmağı təklif edib.
Bunun üçün onun sözlərinə görə, “DQR” prezidenti üç – plastik paket və şüşələrin satışına qadağa, kimyəvi yuyucu vasitələrdən təbii yuyucu vasitələrə tam keçid, kimyəvi gübrələrə qadağa barədə fərman verməlidir.
“Artıq indidən, Qarabağdan Rusiyaya ərzaq mallarının çatdırılmasının artırılmasını, Rusiya-Qarabağ ticarət evinin yaradılmasını və yalnız ekoloji təmiz məhsulların çatdırılmasını təklif edirəm”, - Sterliqov qeyd edib.