"COP29-dan əvvəl dini liderlərin sammiti keçirildi. Sözsüz ki, bu da birbaşa COP29-la bağlıdır. Bu tədbirin də əsas məqsədi yaşıl dünya ilə bağlıdır".
Bunu Oxu.Az-a açıqlamasında Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.
"İqlim dəyişmələrində əsas iki faktor rol oynayır - antropoloji, yəni insan amili, bir də var, təbiətin öz fəlakətləri. COP29, əsasən, antropoloji faktorlara köklənib. Çünki biz təbiətdən alırıq, amma ona heç nə vermirik. Tək ağac əkməklə iş bitmir, təbiəti qorumaq lazımdır. Bu tədbirin də əsas məqsədi bu problemin öhdəsindən gəlməkdən ibarətdir.
COP29 Azərbaycan üçün də möhtəşəm tədbirdir, buraya gələn hər qonaq həm də Azərbaycan həqiqətləri ilə tanış olur. Onlar Qarabağa səfər edəcək, gerçəkləri öyrənəcəklər", - deyə icma sədri vurğulayıb.
O, Qarabağda dağıdılan dini abidələrdən də danışıb:
"Mən Qarabağda çox olmuşam. Orada islam dini ilə bağlı bütün irslər məhv edilib. Orada bir dəhşətli hadisə də var ki, alban məbədləri də məhvə məruz qalıb, saxtalaşdırılıb. Azərbaycan, ümumiyyətlə, Qafqaz Albaniyasının varisidir və orada olan "erməni kilsələri"nin ermənilərə heç bir bağlılığı yoxdur. Biz çalışırıq ki, alban kilsələrinin statusunu bərpa edək və Azərbaycanda olan bu mədəni irsi dünyaya çatdıraq".
Mərahim Nəsib