Mayın 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, A.İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak ediblər.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, yaşayış binası su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binanın həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.
Qeyd edək ki, SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb.
2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi SOCAR tərəfindən mənzillə təmin olunub.
Bu gün SOCAR üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.
Yeni binanın sakinləri adından çıxış edən neftçilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və SOCAR-ın rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Gülnarə Zeynalova
www.oxu.az