Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə ittiham olunan “Royal Bank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev, bankın digər vəzifəli şəxsləri – Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Oxu.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə görə, Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər - Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.
Xatırladaq ki, “Royal Bank”-ın əsas səhmdarı olan İran mənşəli ABŞ vətəndaşı Əli Cam istintaq başlanan kimi Azərbaycanı gizlicə tərk edib və istintaqdan yayınmağı bacarıb. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Camın barəsində həbsli axtarış elan ediblər.