Vladivostokda narkotiklərin hazırlanması və satılmasında ittiham olunan azərbaycanlılara hökm oxunub.
Oxu.Az AiF-Primorye-yə istinadən xəbər verir ki, məhkəmə ata və qızının cinayəti əvvəlcədən razılaşma əsasında törətdiklərini müəyyənləşdirib.
“Kişi, Vladivostok şəhəri ərazisində heroinin böyük və xüsusilə böyük miqdarda qeyri-qanuni satışına yönəlmiş fikrini həyata keçirərkən, narkotikin alıcıya bilavasitə ötürülməsində iştirak etmək istəməyərək, bu qeyri-qanuni satışa öz qızını da cəlb edib” – deyə, məlumatda deyilir.
O, narkotikləri alır və saxlamaq, satış üçün qızına verirmiş. Qadın heroini kirayə götürdüyü mənzildə saxlayırmış və burada elektron tərəzidə çəkərək, hissələrə ayırırmış.
2011-ci ilin yazında o, alınmış heroinin bir hissəsini sata bilsə də, tezliklə narkopolislər “ailə biznesinin” üstünü açıblar.
Qeyd edək ki, məhkəmədə kişi günahını etiraf etməyərək, Rusiyada meyvə-tərəvəz satdığını deyib.
Məhkəmə dövlət ittihamı ilə razılaşıb və qohumları günahkar hesab edib.
Törədilmiş cinayətlərə görə ata cəzasını ciddi rejimli islah müəssisəsində çəkməklə 12 il, qızı isə cəzasını ümumi rejimli islah düşərgəsində çəkməklə 8 il azadlıqdan məhrum edilib.