Rusiyanın Vladivostok şəhərində Edqar Marqaryan barəsində ittiham hökmü çıxarılıb. O, əlbir olduğu azərbaycanlı ilə birlikdə başqa bir azərbaycanlını oğurlamaqda və həmin şəxsin qohumlarından pul tələb etməkdə günahlandırılır.
VL.ru xəbər verir ki, 2012-ci il mayın 8-də erməni Edqar Marqaryan və azərbaycanlı Vasif Vladivostokun Luqovoy küçəsində, 50A nömrəli evin yaxınlığında bir şəxsə hücum edərək, onu zorla Toyota Land Cruiser Prado markalı avtomobilə əyləşməyə məcbur ediblər.
Tapança ilə silahlanmış cinayətkarlar oğurladığı şəxsi döyərək, ondan 300 min rubl pul tələb ediblər. Azərbaycandan olan 46 yaşlı kişi oğluna zəng edərək, azad edilməsi üçün pul toplamağı xahiş edib.
Oğlu cinayətkarlara 200 min rubl verdikdən sonra, onlar öz qurbanlarını buraxıb və qaçaraq gizləniblər.
Təhqiqat zamanı zərərçəkmiş fotoşəkillər üzrə onu oğurlamış hər iki şəxsi tanıyıb. Bunlar 29 yaşlı Ermənistan sakini Edqar Marqaryan və cipin sükanı arxasında əyləşmiş 43 yaşlı Azərbaycan sakini, Vasif adlı şəxs olublar.
Məhkəmə Marqaryanı 8 il azadlıqdan məhrum edib, hazırda Vasif adlı şəxsin məhkəməsi davam edir.
www.newsvl.ru
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin