Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinlərinin böyük hörmət bəslədiyi hacı Nizam ailəsinin şərəfini qanla təmizləyib.
Maştağada yaşayan 1967-ci il təvəllüdlü Quliyev Rafail Balakərim oğlunu burada hacı Nizam çağırırlar. O, dünən öz qardaşının arvadı – 30 yaşlı Quliyeva Əzəmət Nurəddin qızını qətlə yetirib.
Vesti.Az xəbər verir ki, qətli planlaşdıran R.Quliyev axşam gəlinlərinin evinə gəlib, daha doğrusu, hasardan aşaraq, həyətə daxil olub. Bu zaman Quliyeva evin həyətində kiçik qardaşı ilə domino oynayırmış. Quliyevanın üç uşağı da evdə olub.
Hacı Nizam gəlinlərinə qaçmağa imkan verməyib, ona çataraq, bir-birinin ardınca bıçaq zərbələri endirib. Quliyevanın kiçik qardaşı bacısını müdafiə etməyib. O, evə qaçaraq, uşaqları götürüb və onları analarının necə öldürüldüyünü görməmələri üçün cinayət yerindən uzaqlaşdırıb.
Quliyeva qışqırıb köməyə çağırsa da, qəsəbə sakinlərindən heç kim hadisəyə müdaxilə etməyib. Hücumdan bir neçə dəqiqə sonra qadın ölüb. R.Quliyev telefonu götürərək, Sabunçu rayon 14-cü polis bölməsinə zəng edib və bildirib:
“Mən adam öldürmüşəm, gəlin məni aparın”.
İlkin dindirmə zamanı Quliyev bildirib ki, gəlinlərini ailənin şərəf və ləyaqəti məsələsinə qısqanc münasibət zəmnində öldürüb.
“Qəsəbədə hər kəs onun əxlaqsız davranışından danışırdı. Mənə əyri baxırdılar, başımı qaldırıb küçəyə çıxa bilmirdim” – deyə, Quliyev bildirib.
Bu arada məlum olub ki, Quliyev belə desək, qardaşı – Əzəmət Quliyevanın ərinin yarımçıq qoyduğu işi başa çatdırıb. O, hələ 4 ay əvvəl öz arvadını qısqanclıq zəmnində öldürməyə cəhd etsə də, bunu bacarmayıb. Əri arvadını yalnız yaralaya bilib və sonradan həbs olunub, hazırda da həbsxanadadır. Yeri gəlmişkən, öldürülmüş qadının digər qardaşı da həbsdədir. O da bacısının əri ilə əlbir olaraq, Əzəmət Quliyevanı öldürməyə cəhd göstərib.
Alınmış məlumatlara görə, Quliyevlərin ailəsində 5 qardaş var, onlardan biri Taleh Quliyev həbsxanada ölüb.
Faktla bağlı araşdırma davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin