Yaxın 2 gün ərzində Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu sabah 13-16 dərəcə, oktyabrın 31-də isə 14-17 dərəcə isti olacaq.
Bölgələrdə də bu cür hava şəraiti yaxın 2 gün ərzində davam edəcək.
Oktyabrın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.