Sabah Milli Məclisin IV çağırışının son iclası keçiriləcək.
Oxu.Az qurumun saytına istinadən xəbər verir ki, iclasın gündəminə 33 məsələ daxil edilib.
İclasın gedişatında “Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sosial İnkişaf Fondunun 2016-cı il üçün büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı ildə yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yoxsulluq meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi planlaşdırılıb.
Gündəmə Azərbaycanın bir neçə ölkə ilə imzalanmış razılaşmaların təsdiqi, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclərinin smetasının müzakirəsi daxil edilib.
Eyni zamanda bir sıra məcəllələrə dəyişikliklərin edilməsi nəzərdə tutulub.
MM həmçinin Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı məsələsini nəzərdən keçirəcək.