Abşeron rayonunun Masazır kəndinin Akim Abbasov küçəsində yaşayan sakinlər ərazidə məişət tullantıları üçün konteynerlərin olmamasından və zibillərin vaxtında daşınmamasından şikayətlənirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, vaxtında daşınmayan zibillərin yandırılması zamanı yaranan tüstü evlərə dolur və nəfəs almaq çətinləşir.
"2017-ci ildən burada yaşayıram, o vaxtdan bəri vəziyyət dəyişməyib", - deyə sakinlərdən biri bildirib.
Sakinləri narahat edən digər problem isə küçənin gecə saatlarında işıqlandırılmamasıdır. Onların sözlərinə görə, küçədə işıq dirəkləri quraşdırılsa da, işıqlar yanmır.
Hər iki problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, gecə işıqlandırılması ilə əlaqədar işlər görülür. Qeyd edilib ki, bu istiqamətdə cari təmir işləri aparılır. Yaranmış fasilə ilə bağlı meydana çıxan texniki məsələlər aradan qaldırılır və küçələrin gecə işıqlandırılması mərhələli şəkildə təmin edilir. Kəndin sözügedən küçəsində də gecə işıqlandırılması yaxın günlərdə təmin ediləcək.
Məişət tullantılarına gəlincə, qurumdan bildirilib ki, konteynerlərin alınması üçün müvafiq işlər aparılıb və bu proses mərhələli şəkildə həyata keçirilir. İstismar müddətini başa vurmuş konteynerlər dəyişdirilir. Bu ayın sonuna qədər sözügedən ərazidə də konteynerlərin dəyişdirilməsi nəzərdə tutulub.