Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyulun 8-də saat 21:30-da iki nəfər kişi Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.
"Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən bir nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilib.