Son zamanlarda sosial şəbəkələrdə Bakıda 3-12 yaş arası bir neçə uşağın guya ki, saxta dərmanlara olan allergiya ucbatından həyatını itirdiyi xəbəri yayıldı. Bu dərmanların əczaxanalardan yığışdırılana qədər, yaxın bir neçə ay ərzində heç bir şərt altında uşaqlara verməməyə çağırırdılar və hətta həmin dərman preparatlarının siyahısı belə verilmişdi. Məlumat aşağıdakı kimi idi:
“Maksimum paylaşım!
3-12 yaş arası 12 uşaq həyatını itirib. Müayinə zamanı məlum olub ki, bütün uşaqlar dərman vasitələrinə reaksiyadan həyatını itirib. Reaksiya o qədər güclü olub ki, uşaqların heç birini xəstəxanaya çatdırmaq belə mümkün olmayıb, onlar ya evdə, ya da xəstəxanaya gedərkən yolda vəfat ediblər.
Hal-hazırda polis bu iş üzrə tədqiqat aparır, amma bütün preparatları əczaxanalardan yığışdırmaq mümkün olmayacaq. Yalnız uşaqların qəbul etdikdən sonra həyatlarını itirdikləri dərmanların ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirildiyini müəyyən etmək mümkün olub. Əlavə edilən siyahıda adı olan dərmanları uşaqlara heç bir şərt altında vermək olmaz.
Dərmanların siyahısı: Amoksisillin, Kapesula, İbuprofen suspenziya, Alklofenak, Sumamed, İnqalipt, Anqisept, İnflusid, Uşaqlar üçün Panadol, Sanasol.
Yuxarıda adıçəkilən kontrafakt preparatların əczaxanalardan yığışdırılana qədər, bu dərmanları uşaqlarınızın qəbul etməsini ən azı bir ay məhdudlaşdırın. Əgər uşağınızda allergik reaksiya olarsa dərhal 0,5-1 həb ketotifen və ya 10-15 damcı fenistil qəbul etdirin. Dərhal təcili yardım çağırın.
Sağlam olun. Kimin uşağı varsa paylaşın. Bu, Bakıda baş verib”.
Məlumat həqiqətdən uzaq göründüyü üçün, yəni heç bir ad və faktlar göstərilməmişdi, biz tədqiqat aparmaq qərarına gəldik. Tezliklə aydın oldu ki, belə bir məlumat eynilə 2 il bundan qabaq 2012-ci ilin mart ayında Qazaxıstanda yayılıb. O zaman da bu məlumat səs-küyə səbəb olaraq, Qazaxıstan Səhiyyə Nazirliyinin bu məlumatı təkzib edən rəsmi bəyanatı ilə nəticələndi.
Ona görə də valideynlərdən sakit olmağı və bu yalançı informasiyanı yaymamağı xahiş edirik.
Aliyə İsmayılzadə
www.oxu.az