Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Saxta məktəbli forması istehsal edən fiziki şəxs cərimələndi
Bir neçə gün öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi, ev 2 “B” ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində saxta məktəbli formalarının tikilməsi ilə bağlı xəbər vermişdik.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, bunlarla əlaqədar fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formasının istehsalı və satışı qadağan edilib.
İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.
Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.
Hazırda respublikada 2 müəssisənin – “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az
Rəylər