“Azərbaycanın əksər bölgələrində, Bakı kəndlərində qızların erkən yaşda ərə verilməsi, təhsildən yayınması çox acınacaqlı problem kimi qarşımızda dayanıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova APA-ya müsahibəsində deyib.
“Qanunvericilikdə qızların nikaha daxil olması üçün yaş həddi 18 yaş müəyyən olundu. Cinayət Məcəlləsində istər erkən, istərsə də həddi-buluğa çatmış yaşda məcburi nikaha görə cinayət məsuliyyəti müəyyən olundu, həm pul cərimələri, həm də həbs-qətimkan tədbiri nəzərdə tutuldu. Amma buna baxmayaraq, yenə də belə hallar baş verir. Narahatlıq doğuran odur ki, belə halların qarşısını alan və belə insanları məsuliyyətə cəlb edən dövlət strukturları bir az laqeydlik nümayiş etdirirlər. Bu məsələdə həm icra orqanları, həm hüquq-mühafizə orqanları öz mövqelərini qətiyyətlə ortaya qoymalı və kəskin tədbirlər görməlidirlər.
Hesab edirlər ki, toy olubsa, qız köçübsə, təzədən oğlanı həbs etmək, onun barədə tədbir görmək iki gəncin taleyini korlamaqdır. Ancaq icra və hüquq-mühafizə orqanları anlamırlar ki, iki gəncin həyatını korlamır, onların bədbəxtliyinin qarşısını almış olurlar. Erkən nikahlar, ümumiyyətlə, uğursuz nikahlar hesab olunur. Erkən nikahlar nəticəsində yaranan ailələr də əsasən uzunömürlü olmur, nikahlar pozulur. Çoxlu sayda belə qızlar Dövlət Komitəsinə müraciət edirlər.
Biz çoxlu sayda xoşagəlməz faktlarla üzləşirik. Erkən yaşda ərə getmiş qızlar bir uşaqla Bakıya gəlirlər və çox hallarda onların Bakıda da həyatları uğurlu olmur. Erkən ərə gedən qızların dünyaya gətirdikləri övladları da bir çox hallarda qüsurlu, xəstə olur. Çünki 15-16 yaşlı gənc qızın orqanizmi hələ fiziki cəhətdən ana olmağa hazır deyil. 15-16 yaşlı qız gəlin, ana, ailə başçısı olmağa hazır deyil. Bu qızlar bir ailəyə düşəndə, ailə də onları ağuşuna almayanda, ona dəstək verməyəndə acınacaqlı vəziyyətə düşür. Nə qaynananın qulluğunda dura, nə həyat yoldaşının istəklərini, tələblərini yerinə yetirə bilir. Bu halda təbii ki, qızcığaz ailədə duruş gətirə bilmir və onu yola salırlar. Burada artıq boşanma yox, qovulma prosesi gedir. Gənc qızı evdə qaynana, baldız yola vermir və ona “xoş getdin” deyirlər.
Ümumiyyətlə, bir stereotipdir ki, valideynlər daha çox qızlarının ərə getməsinin dərdinə qalır, onların cəmiyyətdə inkişafı, təhsil alması, cəmiyyətin şərəfli bir nümayəndəsi olması barədə düşünmürlər. Fikirləşir ki, qızdırsa, kimə ərə verəcək. Elə bil ki, valideyn qıza lazımsız əşya kimi münasibət bəsləyir. Ona görə də Dövlət Komitəsi valideyn məsuliyyəti barədə məsələ qaldırılıb. Baxmayaraq ki, Cinayət Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub, amma valideyn məsuliyyəti ilə bağlı elə məsələlər var ki, Cinayət Məcəlləsində əksini tapmayıb. Ancaq valideyn məsuliyyəti qanunvericilikdə çox ciddi təsbit olunmalı və buna görə valideynlər cəzalandırılmalıdırlar.
Artıq bu barədə müzakirə gedir və sənəd hazırlanır. Dövlət Komitəsinin hüquq şöbəsi valideyn məsuliyyəti ilə bağlı sənədin üzərində işləyir. Bu layihə parlamentə təqdim olunacaq”, - Sədaqət Qəhrəmanova bildirib.
G.Z.
www.oxu.az