Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə qayıtmaq üçün qeydiyyata düşmüş 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfər BƏƏ-nin “Flydubai” kommersiya aviaşirkətinin təyyarəsi ilə aprelin 28-də Bakıya yola salınıb.
Onlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.
Azərbaycana yola salınmış vətəndaşlarımızdan ən ciddi ehtiyacı olan 75 nəfər martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın “Hampton by Hilton” hotelində yerləşdirilib.
Onlar gündə iki dəfə yeməklə təmin olunublar.