"Qardaşımla bir yerdə cəbhədə vuruşmuşam. Mən daha əvvəl hərbi xidmətə getdiyim üçün geri qayıtmışdım, lakin qardaşım Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhid olub".
Oxu.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Akif Qurbanovun qardaşı Arif Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uzun müddət sonra qardaşının nəşinin tapıldığına görə çox sevinclidir:
"Qardaşımla bir yerdə cəbhədə döyüşmüşük. Mən ondan öncə Qarabağda döyüşlərə getmişdim. Qardaşım həqiqi hərbi xidmətdə olan əsgər idi. O, qəhrəmancasına vuruşaraq şəhid olub.
Kaş bütün itkin düşən qardaşlarımız tapılardı, anaların gözü yoldan çəkilərdi. Şükür Allaha ki, biz müstəqilliyimizi əldə eləmişik. Tarix boyu bu yolda oğullar, sərkərdələr itirmişik. Ancaq bu qəhrəmanlığı, azadlığı görmək bizim vaxtımıza nəsib oldu. Ulu öndərimizin uzaqgörən siyasəti, indi də Prezident İlham Əliyevin böyük xarici və daxili siyasəti nəticəsində bu müstəqilliyi əldə etmişik və uğurla irəliləyirik".
Arif Qurbanov şəhidin keçdiyi döyüş yolundan bəhs edərkən bildirib ki, qardaşı bir an belə geri çəkilməyib:
"Şəhidimiz kəşfiyyatçı olub, xüsusi təyinatlıların sıralarında xidmət edib. Onlar Tərtər istiqamətində döyüşüblər. Aprelin 24-də orada qəhrəmancasına şəhid olub. Biz döyüşdə qarşımıza bir məqsəd qoymuşduq ki, bir addım belə geri çəkilmək yoxdur. Nəyin bahasına olursa-olsun, vuruşurduq. Geri çəkilmək fikrimiz yox idi. Ona görə orada çox ağır döyüşlər getdi".
A.Qurbanov qardaşı ilə son görüşündən də söz açıb:
"Sonuncu dəfə onlar Pirəkəşkülə gələndə mən müharibədən qayıdıb onunla görüşdüm. Hətta mənə görə onu 5 günlük evə buraxdılar, sonra ayrıldıq. Mən Ağdam bölgəsində idim, o isə Füzulidə. Ancaq Tərtər bölgəsində vəziyyət çox ağırlaşdığı üçün onları gecəylə oraya apardılar. Dəhşətli dərəcədə ağır döyüşlər gedirdi. Bir addım da geri çəkilmək yox idi, onlar ön cəbhədə, tankların qarşısında idilər. Deyirlər ki, mühasirəyə düşüblər".