"Şəhid mayor İlkin Rzayev qərargahdakı vəzifəsini dayandırdı, düşmənlə üz-üzə döyüşə atıldı".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid mayor İlkin Rzayevin döyüş yoldaşı, ehtiyatda olan zabit Qəzənfər Dünyamalıyev deyib.
O bildirib ki, şəhid mayorla eyni hərbi hissədə xidmət edib və Rzayev döyüş xidmət rəisi olub:
"İlkin Rzayev mənim rəisim olub. Biz eyni hərbi hissədə xidmət etmişik. O, döyüş xidmət rəisi idi. Döyüşdə hər kəsin öz vəzifə borcu var, hər kəs tapşırığına uyğun olaraq hərəkət edir. Bizim mayorumuzun təhkim olunduğu vəzifəsi qərargahdan və idarəetmə məntəqəsindən döyüşü yönləndirmək idi. Amma o, qərargahda oturmadı, döyüş qrupları ilə birlikdə düşmənin üzərinə getdi".
Qəzənfər Dünyamalıyev mayor İlkin Rzayevin Murov yüksəkliyində qəhrəmancasına şəhid olduğunu xatırladıb:
"Murov yüksəkliyində döyüş zamanı snayper gülləsi ilə vuruldu və elə oradaca şəhid oldu. Təəssüf ki, həmin vaxt Murov dağında hava şəraiti çox çətin idi, buna görə də nəşini dərhal çıxarmaq mümkün olmadı. Onun nəşini 76 gün sonra tapıb götürdük".
Şəhid mayor İlkin Rzayevin anası Balaxanım Rzayeva isə Zəfər Günü ərəfəsində həm kədərini, həm də qürurunu ifadə etdi:
"Bu gün bir ana kimi danışmaq mənim üçün həm kədərli, həm də qürurludur. Çətindir, çünki bugünkü Zəfər bayramını, azadlığın şirinliyini kaş mənim də balam görərdi. Qürurluyam, çünki şəhidlərimiz və qazilərimiz bu Zəfəri bizə yaşatdılar. Şükürlər olsun ki, digər övladlarım və nəvələrim azad, bütöv Azərbaycanda yaşayacaqlar. Allahdan diləyim odur ki, bir daha müharibə səsi eşitməyək".
Töhfə Səməd