Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəhid qardaşı: "İsmayıl ürəyindən yaralanmış, dörd ay sonra xəstəxanadan qaçıb döyüşə getmişdi"
"Qardaşım 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ürək nahiyəsindən yaralanıb. Dörd ay xəstəxanada müalicə aldıqdan sonra oradan qaçaraq könüllü şəkildə yenidən döyüşlərə qatılıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 32 il sonra nəşinin qalıqları tapılmış şəhid İsmayıl Xəlilovun qardaşı Ruslan Xəlilov bildirib.
"İsmayıl Ağdərə istiqamətində itkin düşüb. 2024-cü ilin aprel ayında eyniləşdirmə zamanı kimliyi müəyyən olunub. Biz özümüz istədik ki, qardaşım valideynlərimizin yanında dəfn olunsun", - Ruslan Xəlilov deyib.
Şəhidin xalası Sara Qurbanova qeyd edib ki, bacısı oğlu əsgərliyə gedəndə 19 yaşı olub:
"İsmayıl evlənməmişdi. Anası, atası oğullarının həsrətini çəkərək öldülər. Amma çox şükür ki, gözümüz yoldan çəkildi, bayramda, ad günündə qəbri üstünə gedib ən azı gül qoyacağıq".
Şəhidin bacısı Gülnarə Adıgözəlova deyib ki, həyat yoldaşı Nazim Adıgözəlov da 1994-cü ildə şəhid olub:
"Biz üç qardaş, bir bacıyıq. Anam İsmayılın yoxluğuna dözmədi. Qardaşım Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Bizdən DNT analizi götürmüşdülər. Eyniləşdirmə zamanı mənim qardaşım olduğu bilindi. Tərtərdə məzarlıqda naməlum şəxs kimi dəfn olunmuşdu. İndi heç olmasa, qardaşımın məzarını ziyarət edə biləcəyik".
Almaz Qasımova