"Bu gün qürurverici və təsviri mümkün olmayan gözəl hisslər yaşayırıq. Bu Zəfərin əldə edilməsində Elsevərin də böyük rolu var".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid mayor Elsevər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva deyib.
"Müharibəyə yollananda hərbi rütbəsi kapitan idi. Döyüş meydanında göstərdiyi şücaətinə görə elə müharibənin gedişində ona mayor rütbəsi verildi. Buna görə də çox fəxr edirik. Zəfərimiz mübarək olsun. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bizə ancaq qələbə yaraşır. Biz Cəbrayıl rayonundanıq. Rayonumuz işğaldan azad ediləndə zəng edib sevinə-sevinə bu şad xəbəri vermişdi. Cəbrayıldan çıxanda onun 5 yaşı var idi. Gedib kəndlərini tapsa da, əvvəlcə tanıya bilməmişdi. Elsevərin ürəyi Vətənlə döyünürdü. Başqa yol da ona yaraşmırdı. Onun arzusu Azərbaycanı bütöv görmək idi. İnanıram ki, onun və bütün şəhidlərimizin ruhu bu günümüzə şahiddir və şaddır", - deyə şəhidin xanımı əlavə edib.
Mərahim Nəsib