Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səhiyyə Nazirliyi bölgələrdə kardioloji müayinələr keçirib
İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən fevralın 19-20-də Cəbrayıl şəhərində və Zəngilan rayonunda əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
Oxu.Az xəbər verir ki, tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.
Tədbirin ilk günündə Zəngilan rayonunun Ağalı kəndində tibbi müayinələr təşkil olunub.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Növbəti gün tibbi aksiya Cəbrayıl şəhərində davam edib.
Əhalinin müayinəsi zaman səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürəktutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İkigünlük aksiya zamanı Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl şəhərinin 250-ə yaxın sakini müayinələrdən keçib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?