Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir.
Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
Mayın 22-də İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Nazirlik tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Nazir bildirib ki, Azərbaycanda əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir.
“Əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb”, - nazir bildirib.
S.Müslümov hazırda ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib:
“Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir”.
Gülnarə Zeynalova
www.oxu.az