Şəmkir Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının birinci mərtəbəsinin dəhlizinə su yığılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
İddiaya görə, yağışdan sonra xəstəxananın dəhlizi keçilməz vəziyyətə düşüb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə gecə saatlarında su xəttinin partlaması nəticəsində baş verib.
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasının dördmərtəbəli inzibati binasının birinci mərtəbəsində gecə saatlarında su xəttinin partlaması nəticəsində texniki nasazlıq baş verib. Yaranmış problem operativ şəkildə aradan qaldırılıb və həmin gün ərzində bərpa işləri tam yekunlaşdırılıb. Xəstəxananın fəaliyyəti normal qaydada davam etdirilir", - deyə məlumatda vurğulanıb.


