Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər.
Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib və boğulmağa başlayıb. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.
Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verib. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.
Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayonunda su kanalında batanların kimliyi açıqlanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, suda boğulanlar 2004-cü il təvəllüdlü Ümid Elxan oğlu İbrahimov və 20 yaşlı Aliyə Həsənovadır.
Ü.İbrahimovun nəşi sudan çıxarılıb. Hazırda digər şəxsin axtarışları davam edir.
Şəmkirdə iki nəfər su kanalında batıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.
Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.