Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1964-cü il təvəllüdlü şəxs (kişi) avqustun 5-də saat 03:00-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanır.
Şəmkirdə iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Hadisə avqustun 5-də saat 02:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən 419-cu kilometrliyində baş verib. Belə ki, sürücü, Kəlbəcər rayonunun Abdullahuşağı kəndində qeydiyyatda olan, 1964-cü il təvəllüdlü Salman Feyzi oğlu Verdiyevin idarə etdiyi DAF markalı 77-XR-439 dövlət qeydiyyat nişanlı yük avtomobili Balakən rayon Hənifə kəndində yaşayan, 1990-cı il təvəllüdlü Nurlan İbrahim oğlu Bayramovun idarə etdiyi "KamAZ" markalı, 10-NT-186 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb. Nəticədə DAF-ın sürücüsü xəsarət alıb və ambulator qaydada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib",- deyə məlumatda bildirilir.