İsti yay günlərinin vazgeçilməzlərin biri də dondurmadır. Yeddidən yetmiş yeddiyə hər kəsin sevə-sevə yediyi dondurma ağzımıza dad, ürəyimizə sərinlik gətirir. Bəs bu qızmar havalarda paytaxt əhli hansı dondurmaya üstünlük verir?
Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini açıqlayıb.
Rəyi öyrənilmiş sakinlərin böyük əksəriyyəti (83 %) dondurma yediyini bildirir. Onlar əsasən aşağıdakı qablaşdırmadakı dondurmalara üstünlük verirlər:
Respondentlər arasında ən çox istifadə olunan vafli stəkan formasında satılan “plombir”dir (63 %). Xüsusi qablaşdırmada çəki ilə satılan dondurmalara maraq da kifayət qədərdir (30 %). “Eskimo” bəyənənlər nisbətən azdır (23 %). Sendviç formalı (10%) və plastik stəkanda (9 %) satılan dondurmalar respondentlər tərəfindən daha az istifadə olunur.
Bəs hansı dondurma paytaxt sakinlərinin ağız tamına daha çox uyğun gəlir?
Vanilli dondurma rəyi öyrənilmiş respondentlərin tam yarısının qəlblərini fəth edib (47 %). Şokoladlı dondurma heç də ondan geri qalmır (45 %). Meyvəli dondurma sevərlər respondentlərin beşdə birini təşkil edir (20 %). Kakao həvəskarları siyahıda dördüncüdülər (15 %). Üzəri fındıqla bəzədilmiş dondurmalar cəmi 4 % respondentin seçimidir.

A.M.