Bir neçə gün əvvəl sosial şəbəkələrdə afrikalı bir gənc və azərbaycanlı qızın toy fotoşəkilləri yayıldı və ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
Ölkəmizdə qeyri-rəsmi şəkildə çox geniş qeyd olunan 14 fevral Sevgililər günü münasibətilə biz həmin şəxslərlə əlaqə saxladıq və onların adlarını, böyük sevgilərinin tarixçəsini öyrəndik.
Əsli Qanadan olan Böyük Britaniya vətəndaşı Umar azərbaycanlı İrina ilə 2011-ci ildə tanış olub. Belə ki, müqavilələr əsasında Dubay kimi böyük və perspektivli şəhərlərdə çalışan Umar həmin ildə Bakıya gəlir və burada bir layihə üzərində işləyərkən İrina ilə tanış olur.
İlk vaxtlardan bir-birinin diqqətini çəkən gənclər əvvəlcə gizli münasibət saxlamağa başlayıblar, çünki çalışdıqları şirkətin qaydalarına görə, baş ofisdən kommersiya meneceri olan Umar öz əməkdaşlarından biri ilə görüşə bilməzdi.
Beləliklə, 2012-ci il iyunun 23-dən başlayan bu sevgi əhvalatı düz dörd il davam edir və nəhayət 2015-ci ildə cütlük Bakıda toy edir.
Umar deyir ki, Bakını çox sevir, azərbaycanlılardan daim isti münasibət görüb və hətta dilimizi öyrənməyə başlayıb. Onun Azərbaycan dilində ilk öyrəndiyi isə İrinaya xitabən söylədiyi “Mən səni sevirəm” cümləsi olub.
Əslində Umar və İrinanın əhvalatı əsl sevginin gücündən xəbər verir. Bu o sevgidir ki, qarşısında heç bir dini, irqi, milli fərq tanımır.
Bu gün müharibələr, müxtəlif iqtisadi, siyasi, sosial problemlərin, müxtəlif xəstəliklərin geniş yayıldığı dünyamızı saxlayan da məhz İrina və Umar kimi insanların yaşatdıqları sevgidir. Əsl sevgi daim yaradır və heç zaman dağıtmır. Və insanın yeganə ümidi məhz bundadır.
İrina və Umarın istedadlı fotoqraf Ağayev Mehdi tərəfindən çəkilmiş və təzə bəylə gəlinin razılığı ilə bizə təqdim olunmuş toy fotoşəkillərini təqdim edirik: