Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Hz.Muhəmməd (s. a. v) Peyğəmbərin mövludu münasibətilə müsəlmanlara təbrik məktubu ünvanlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, QMİ-dən verilən məlumata görə, məktubda Şeyx bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Muhəmmədin (s. a. v) mübarək mövludu münasibətilə bütün xalqı və müsəlman dindarları təbrik edib:
“Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah etmək vəzifəsi vermişdir. Fəqət sonuncu Peyğəmbərimiz Hz.Muhəmmədin (s. a. v) mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün aləmlərə rəhmət olaraq göndərilməsindədir:
“Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi islahı ideyalarındadır. Biz Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndiririk.
Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik məktəbinin davamçıları olmağa dəvət edirəm. Allahu-təala hər birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi etsin, inşallah!”