Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-dan 20-nə keçən gecə respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, 21-i gündüzədək qeyri-sabit, güclü küləkli, soyuq keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcəyi, ayrı-ayrı rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Əlavə edək ki, oktyabrın 18-dən 19-a keçən gecə ay tutulması baş verəcək, gecə saat 02:51-dən müşahidə olunmağa başlanacaq Ay tutulması saat 06:48-də sona çatacaq.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, noyabrın 3-də isə Günəş tutulması baş verəcək:
“Saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq. Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək.
Bakıda isə Günəş tutulması günəş batana yaxın bir müddət ərzində müşahidə etmək mümkün olacaq. Belə ki, Bakıda Günəşin qismən tutulmasını noyabrın 3-də saat 17:24-də müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək”.