Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu zavod Azərbaycan prezidentinin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və “Gilan Holdinq” MMC-nin vəsaiti hesabına yaradılıb.
Dövlət başçısı müəssisəni işə saldı və istehsal prosesi ilə tanış olub.
Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.
Sonra Prezident İlham Əliyev zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb.
Daha sonra prezident İlham Əliyev paytaxtın Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, ərazisi 1,8 hektar olan parkda yenidənqurma işlərinə bu ilin yanvarında başlanılmış, avqustda başa çatdırılıb. Parkda geniş yaşıllıq zolağı salınmış, attraksionlar, fəvvarə kompleksi, ana və uşaq kafesi və s. yaradılmışdır. Parkda sakinlərin istirahətinin səmərəli təşkili üçün hər cür şərait vardır.